ŞƏKİMİZ

2712 YAŞLI ŞƏKİ…

Azərbaycanın şimal-qərbində yerləşən Şəki şəhərinin tarixi kökləri eradan əvvəl VI əsrə, Qafqaz Albaniyası dövrünə qədər uzanır. 1743-cü ildə müstəqil Şəki xanlığının yaranması ilə şəhərin inkişafı üçün yeni tarixi imkanlar yaranmışdı, lakin düzən ərazidə yerləşən Şəki şəhəri 1772-ci ildə Kiş çayının daşması nəticəsində tamamilə dağıldı. Bu hadisədən sonra sakinlər bir qədər yuxarıda, dağlıq ərazidə yerləşən Nuxa kəndinə köçərək indiki şəhərin əsasını qoydular.

Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Vaxtı ilə Şəki Qafqaz Albaniyanın ən iri şəhərlərindən biri idi. Şəki orijinal memarlıq abidələri ilə məşhurdur. Misal olaraq Şəki Xan Sarayı, Şəkixanovların evi, Giləkli məscidinin minarəsi, məscid, qala divarları, Dairəvi məbəd (XVII-XIX), Zəyzit məbədi (XI-XII), Kiş alban məbədi, Şəki Karvansarasını göstərmək olar.

Bu abidələr arasında ən məşhuru Şəki Xan sarayıdır. Bu saray dünya abidələri siyahısına daxil edilib. Hazırda muzey kimi fəaliyyət göstərən saraya hər il on minlərlə turist baş çəkir. Sarayın ən heyrətamiz xüsusiyyəti onun tikilişi zamanı heç bir mismardan istifadə olunmamasıdır.

Şəki həm də görkəmli siyasi xadim və istedadlı sərkərdə, müstəqil Şəki xanlığının yaradıcısı Hacı Çələbi xan, görkəmli yazıçı Mirzə Fətəli Axundzadə, Azərbaycan Demokratik Respublikası hökumətinin başçısı Fətəli xan Xoyski, Azərbaycanın xalq artisti Lütfəli Abdullayev bəstəkar Emin Sabitoğlu, görkəmli xalq şairimiz Bəxtiyar Vahabzadə və başqalarının ana yurdudur.

Şəki Azərbaycan şifahi xalq ədəbiyyatının formalaşmasında mühüm rol oynayıb. Özünəməxsus ləhcələri ilə seçilən şəkililər məşhur Şəki lətifələrinin də müəllifidir. 

Ərazinin təbii məhdudiyyətləri – üç tərəfdən dağlarla əhatə olunması səbəbindən Şəkinin tarixi ərazisi öz ilkin şəhər quruluşunu mühafizə edib. Vizual tamlığını qoruyub saxlamış dağ vadisi fonunda şəhər peyzajında hələ də ənənəvi tarixi binalar üstünlük təşkil edir.

Şəki şəhəri 1846-cı ildən 1968-ci ilə qədər “Nuxa” adlandırılıb.

2012-ci ildə Şəki Şəhər İcra Hakimiyyəti və Arxitektura Şəhərsalma Komitəsi ilə birlikdə Şəki şəhərinin Baş Planı hazırlanıb. Baş Plana əsasən bir sıra infrastruktur layihələrin həyata keçirilməsi, həmçinin, şəhərin qərbə doğru genişlənməsi, Oxud, İnçə, Kİş, Qoxmuq kəndlərinin də şəhər ərazisinə daxil olması nəzərdə tutulub.

Şəki mətbəxi Azərbaycanın bütün mətbəxləri kimi çox zəngindir. Bütün dünyaya səs salan Şəki pitisi, Şəki halvası (paxlavası) buna sübutdur. Şəki mətbəxinin şah yeməyi Şəki pitisidir. Şəki mətbəxinə aid olan başqa yeməklərdən Balva, Sürfüllü, Ballıbadı, Şəki oyması (Yerlilər arasında Oma kimi tanınır), Qırmabadam, Tel halva, Düyü halvası, Tutlu-Südlü plov, Cücəli plov və s. kimi yeməklərin adını çəkmək olar.

2024-cü il yanvarın 1-nə olan məlumata görə Şəki rayonunun əhalisi 184.2 min nəfərdir. Onlardan 67.8 min nəfəri şəhər, 116.4 min nəfəri kənd ərazisində yaşayır. Məşğul əhalinin əsas hissəsi kənd təsərrüfatında, sənayedə, tikintidə, ticarət və ictimai iaşədə, təhsil, səhiyyə və digər xidmət sahələrində çalışır. Şəki rayonu 1 şəhər, 2 qəsəbə (Turan və Çələbixan) və 68 kənd yaşayış məntəqəsini əhatə edir.

Şəki şəhərində Azərbaycan Pedoqoji Universitetinin Şəki filialı, Şəki Şəhər Kimya-Biologiya Təmayüllü Lisey, Şəki Şəhər Fizika-Riyaziyyat və Humanitar Təmayüllü Lisey, Şəki Dövlət Regional Kolleci, Şəki Tibb kolleci, Şəki Dövlət Peşə Təhsil Mərkəzi, Şəki İnteqrasiya təlimli internat tipli gimnaziya, 29 məktəbəqədər təhsil müəssisəsi, 18 tam orta məktəb fəaliyyət göstərir.

Şəkidə “Sheki Media” xəbər saytı, həmçinin peyk vasitəsilə dünyaya yayımlanan “Kanal S” televiziya kanalı da fəaliyyət göstərir.

2019-cu ilin iyulun 7-də Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olunub. 2021-ci ildən isə həmin tarix Şəki Şəhəri Günü kimi qeyd edilir.

Onu da qeyd edək ki, Şəkinin 56 qəhrəman oğlu Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb.

Back to top button