Qaxda “Sənətkarın dostu” layihəsi çərçivəsində Xalq artisti Zabit Nəbizadə ilə görüş keçirilib

Bu gün Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Qaxın Qaxingiloy kənd Mədəniyyət Evində “Sənətkarın dostu” layihəsi çərçivəsində Azərbaycanın Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Zabit Nəbizadə ilə görüş keçirilib.

Bu barədə “Sheki.Media”ya Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Xalq artisti Zabit Nəbizadə muğam sənətinin tədrisi, muğam ifaçılığı, konsert yaradıcılığı, istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılması mövzularında söhbət aparıb.

Dillər əzbəri olan mahnı və təsniflərdə yol verilən orfoqrafik həmçinin məzmun səhvlərindən danışılıb, ifaçılıqda mətnin dərk edilməsinin əhəmiyyəti vurğulanıb.

Ustad dərsi formatında keçən görüşdə Azərbaycan Milli Konservatoriyasının 1-ci kurs tələbəsi Rəis Niftəliyev, 3-cü kurs tələbəsi Ruhəngiz Musayeva, həmçinin Şəki şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri Elmir Cəfərli, Elvin Məmmədov və Qax şəhər Uşaq İncəsənət Məktəbinin şagirdləri Aqşin Dostuyev, Səma Şərifova, Aksana Cumayevanın ifasında müxtəlif xalq mahnıları və təsniflər səsləndirilib.İfaçıları tarda Altay Niftəliyev, Səxavət Cumayev, Məhəmməd Məhəmmədkərimov, kamançada Araz Ağaverdiyev, Hamil Lətifov, Azad Quliyev və nağarada Xaləddin Əsgərov müşayiət ediblər.

Tədbirdə regionda yerləşən uşaq musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlər, onların müəllim və valideynləri iştirak ediblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və xatirə şəkli çəkilib.

Qeyd edək ki, layihə mədəniyyətin təşviqi, uşaq və gənclərin yaradıcılığının stimullaşdırılması, regionlarda olan gənc istedadların aşkara çıxarılması, görkəmli mədəniyyət xadimləri ilə gənc istedadların zəngin təcrübə mübadiləsinin təşkili məqsədilə həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button