
Şəkidə maraqlı, eyni zamanda narahatedici hadisə baş verib.
“Sheki.Media” xəbər verir ki, Şəkinin qədim qəbiristanlıqlarından biri olan Sona qəbiristanlığında bir neçə qəbrin üstünün açıldığı müəyyən edilib.
Qəbiristanlığın tarixi XVIII əsrə dayanır və o, Şəkinin ən qədim dəfn yerlərindən biri hesab olunur. Gəncəli məhəlləsində yerləşən qəbiristanlıqda bu gün də dəfnlər həyata keçirilir. Məhəllə sakinlərinin sözlərinə görə, açılan qəbirlər 18–19-cu əsrlərə aiddir. Bəzi iddialara əsasən, qəbirların kimlərsə tərəfindən maddi maraqla qazıldığı ehtimal olunur.
Məhəllə sakini Mehdi Əsgərov hadisənin qəsdən törədildiyini və bu zaman xüsusi cihazlardan istifadə oluna biləcəyini bildirib.
Məsələ ilə bağlı Dövlət Turizm Agentliyi də açıqlama yayıb. Bildirilib ki, sözügedən qəbiristanlıq Şəkinin Yuxarı Baş Tarix Memarlıq qoruğu ərazisində yerləşir Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına artıq məlumat verilib və hazırda araşdırma aparılır.
Paralel olaraq, Şəki Şəhər-Rayon Polis Şöbəsindən də məsələnin nəzarətdə saxlanıldığı bildirilib. Qeyd edilib ki, araşdırmanın nəticəsi yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
Hadisənin hər hansı yırtıcı heyvan tərəfindən törədilə biləcəyi də istisna edilmir. Qanunvericiliyə əsasən isə tarixi və dini abidələrə müdaxilə hüquqi məsuliyyət yaradır. Hər bir halda, sözügedən qəbirlər müvafiq qurumlar tərəfindən bərpa edilməli və insan qalıqları dini qaydalara uyğun şəkildə yenidən dəfn olunmalıdır.