
Sahibsiz it probleminə Şəkidə də tez-tez rast gəlinir. Son günlərdə bölgədə, o cümlədən Şəkidə bir neçə it hücumu faktı qeydə alınıb.
Şəki Rayon Mərkəzi Xəstəxanasının məlumatına görə, 2025-ci ilin yanvar–oktyabr aylarında it dişləməsi ilə bağlı 1017 nəfər müraciət edib.
Hamısına tibbi yardım göstərilib, peyvənd olunub, ağırlaşma qeydə alınmayıb.
Sakin Dünyaxanım Həmidli sahibsiz itlər üçün sığınacaq yaradılmasının vacibliyini vurğulayır. O bildirir ki, xüsusən qışda itlər ac qaldıqda aqressivləşir və özünün dəfələrlə bu hallarla qarşılaşdığını deyir. Qadın sığınacaq üçün şəxsi vəsaitlə də dəstək verməyə hazır olduğunu qeyd edir.
Bir müddət əvvəl hücuma məruz qalan Anar Əfəndiyev də itlərin bir mərkəzdə toplanmasını ən düzgün həll yolu hesab edir.
“SHEKİ.MEDİA” xəbər verir ki, Şəki Şəhər İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Rasim Həsənov bildirib ki, sahibsiz itlərlə bağlı məsələ onların gündəlik nəzarətindədir.
Onun sözlərinə görə:
• Sahibsiz itlər üçün sığınacaq yaradılması məqsədilə dövlət fondundan 1 hektar torpaq sahəsinin ayrılması üçün müraciət edilib və hazırda sənədləşmə işləri davam edir.
• Şəhər bələdiyyəsi tərəfindən itlərin toplanması, vaksinasiya olunması və birkalanması mütəmadi aparılır.
• Əhali arasında maarifləndirmə işləri gücləndirilib.
• Sakinlərə bildirilir ki, zibil və qida qalıqlarını küçələrə atmasınlar. Çünki sahibsiz itlər küçə və dalanlarda sakinlər tərəfindən qoyulan zibil torbalarında qida axtarır ki, bu da onların aqressivləşməsinin başlıca səbəblərindən biridir.
• O qeyd edib ki, sığınacaq layihəsinin qısa müddətdə reallaşacağına ümid edirlər və bu işdə sakinlərin də dəstəyinə ehtiyac var.



