
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Balakən rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizə – cəmiyyətin ictimai mövqeyi” mövzusunda panel müzakirəsi təşkil olunub.
Bu barədə “SHEKİ.MEDİA”ya Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Balakən rayon prokurorunun köməkçisi Qabil Əlizadə, Balakən rayon prokurorluğunun müstəntiqi Famil Əhmədli və Dövlət Təhlükəsizliyi Xidmətinin baş leytenantı Asif Alagözov iştirak ediblər.
Panel müzakirəsi zamanı korrupsiyaya qarşı mübarizənin hüquqi və ictimai aspektləri, cəmiyyətdə şəffaflıq və hesabatlılıq prinsiplərinin təşviqi, qanunun aliliyinin təmin edilməsi, dövlət qurumlarının fəaliyyətində dürüstlük və məsuliyyət prinsiplərinə riayət olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Çıxışlarda korrupsiyaya qarşı mübarizədə ictimai nəzarətin, hüquqi maarifləndirmənin və vətəndaş məsuliyyətinin əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, bu istiqamətdə səmərəli nəticələrin əldə olunması dövlət qurumları ilə yanaşı, cəmiyyətin hər bir üzvünün fəal mövqeyindən və qanunlara hörmət prinsiplərinə əməl etməsindən asılıdır.
Sonda mövzu ətrafında iştirakçıları maraqlandıran suallar cavablandırılıb, korrupsiyaya qarşı mübarizədə ictimai həmrəyliyin və vətəndaş mövqeyinin əhəmiyyəti vurğulanıb.

















