
Müasir dünyada informasiyanın düzgün idarə olunması və elmi əsaslarla təhlili inkişafın mühüm şərtidir. Statistika bu prosesdə qərar qəbuletmənin, planlaşdırmanın və dayanıqlı inkişafın əsas dayaqlarından biri kimi çıxış edir. Birləşmiş Millətlər Təşkilatının qərarı ilə hər beş ildən bir qeyd olunan Ümumdünya Statistika Günü, statistik məlumatların cəmiyyət üçün əhəmiyyətini vurğulamaq və keyfiyyətli məlumatın inkişafda rolunu önə çəkmək məqsədi daşıyır. BMT-nin Statistika Komissiyasının 2025-ci ilin 4–7 mart tarixlərində keçirilmiş 56-cı sessiyasında qəbul edilmiş qətnaməyə əsasən, Ümumdünya Statistika Günü “Hər kəs üçün keyfiyyətli statistika ilə inkişafa təkan verək” şüarı altında qeyd edilir. Bu şüar qlobal miqyasda məlumatın keyfiyyətinə, etibarlılığına və əlçatanlığına diqqəti artırır.
BMT Baş katibinin məruzəsində vurğulanmışdır ki, statistik sistemlər yalnız iqtisadi göstəriciləri deyil, həm də sosial ədalət və dayanıqlı inkişafı təmin edən əsas vasitələrdən biridir. Bu qətnaməni qəbul etməklə Baş Assambleya etibarlı statistika məlumatlarının hazırlanmasında milli statistika təşkilatlarının fundamental əhəmiyyətini rəsmi təsdiq etmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi dünyanın bütün dövlət başçılarına bu haqda müraciət edərək xahiş etmişdir ki, Ümumdünya Statistika Gününün yüksək səviyyədə qeyd olunmasına kömək göstərsinlər. Son məlumata görə 100-dən çöx ölkədə, habelə BMT və digər beynəlxalq təşkilatlar tərəfindən Ümumdünya Statistika Günü təntənəli şəkildə qeyd ediləcəkdir. Azərbaycan statistikləri üçün bu günün əhəmiyyətli olması həm də ondan ibarətdir ki, 2025-ci ildə Azərbaycanda statistikanın təşkilindən 179 il keçir və rəsmi statistikanın 105 yaşı tamam olur. Belə ki, 1920-ci il avqust ayının 19-da Azərbaycan İnqilab Komitəsi tərəfindən dövlət statistikası haqqında ilk əsasnamə təsdiq olunmuşdur.
Azərbaycanda statistika orqanlarının bütün dövrlərdəki işi statistika orqanları qarşısında duran əsas vəzifələrin yerinə yetirilməsinə yönəldilmişdir. Bu, hər şeydən əvvəl, ölkənin sosial-iqtisadi inkişafına dair elmi cəhətdən əsaslandırılmış statistik məlumatların vaxtında yığılması, işlənməsi və cəmiyyətin bütün təbəqələrinə çatdırılmasından ibarət olmuşdur. Bu gün Azərbaycanda beynəlxalq standartlara cavab verən statistika fəaliyyət göstərir. Dövlət Statistika Komitəsi 50-dən çox beynəlxalq təşkilat və ölkənin statistika orqanları ilə əməkdaşlıq edir və məlumat mübadiləsi aparır. Statistika sahəsində əldə olunan nailiyyətlər dövlətin və hökumətin yüksək qayğısı sahəsində mümkün olmuşdur. Ulu Öndər Heydər Əliyev statistikaya yüksək qiymət verərək demişdir: “Bizim Dövlət Statistika Komitəsi var, çox düzgün statistika aparır”. Bu günün qeyd olunmasında əsas məqsəd müasir qloballaşma şəraitində statistikanın rolunu, onun idarəetmədə, iqtisadi inkişafda və sosial sabitliyin qorunmasında əhəmiyyətini ictimaiyyətə çatdırmaqdır.Rəsmi statistika istehsalçıları ilə yanaşı, məlumat istifadəçiləri, alimlər, vətəndaş cəmiyyəti nümayəndələri də statistik məlumatın keyfiyyətinə məsuliyyətlə yanaşmalıdırlar. Keyfiyyətli statistika olmadan şəffaf idarəetmə və davamlı iqtisadi artım mümkün deyil.
Azərbaycan Respublikasında bu əlamətdar gün münasibətilə Dövlət Statistika Komitəsi tərəfindən geniş tədbirlər planı hazırlanmışdır. Beynəlxalq Statistika Forumu keçirilmiş, burada müxtəlif ölkələrin ekspertləri iştirak etmiş, Prezidentin təbrik müraciəti səsləndirilmişdir. Eyni zamanda, gənclər arasında Statistika Olimpiadası, maarifləndirici seminarlar və regionlarda təbliğat tədbirləri təşkil olunmuşdur. Bu təşəbbüslər statistikanın cəmiyyətdə rolunun artırılmasına və məlumat mədəniyyətinin inkişafına xidmət edir.
Azərbaycanda statistikanın təşkili XIX əsrin sonlarına təsadüf edir. 1928-ci ildə müstəqil statistika orqanlarının yaradılması ilə bu sahə yeni inkişaf mərhələsinə qədəm qoydu. Ümumdünya Statistika Gününün qeyd olunduğu illər – 2010, 2015, 2020 və 2025-ci illər – ölkəmizdə statistika qurumlarının formalaşmasının yubileyləri ilə üst-üstə düşməsi baxımından simvolik əhəmiyyət daşıyır. Ümummilli lider Heydər Əliyev idarəetmənin elmi əsaslarla qurulmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən etmişdi. O, dəfələrlə vurğulamışdır ki, “idarəetmədə dəqiqlik və məsuliyyət statistik informasiyanın dürüstlüyündən başlanır.” Onun rəhbərliyi dövründə statistika sahəsində ciddi islahatlar aparılmış, məlumat toplama sistemləri təkmilləşdirilmiş, müasir texnologiyaların tətbiqinə başlanmışdır. Heydər Əliyevin müəyyən etdiyi bu strateji xətt bu gün də uğurla davam etdirilir. Cənab İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanda statistika sistemi beynəlxalq standartlara uyğunlaşdırılmış, rəqəmsal transformasiya prosesi güclənmişdir. Elektron hesabat platformaları, açıq məlumat bazaları və analitik göstəricilərin ictimaiyyətə təqdim olunması şəffaf idarəetmənin əsas tərkib hissəsinə çevrilmişdir. Prezidentin təşəbbüsü ilə həyata keçirilən dövlət proqramları nəticəsində ölkəmiz regionda statistik idarəetmə sahəsində nümunəvi mövqeyə malikdir. Azərbaycan Respublikasında statistikanın inkişafına dair altı dövlət proqramı uğurla icra olunmuşdur. Bu proqramlar nəticəsində statistik məlumatların beynəlxalq metodologiyalara uyğunlaşdırılması, elektron sistemlərin tətbiqi və milli göstəricilərin dayanıqlı inkişaf məqsədləri ilə əlaqələndirilməsi təmin edilmişdir. Yerli statistika orqanlarının maddi-texniki bazası möhkəmləndirilmiş, insan resurslarının peşəkar səviyyəsi artırılmışdır. Statistika yalnız rəqəmlərin toplusu deyil, inkişafın analitik güzgüsüdür. Dövlət siyasətinin formalaşması, sosial-iqtisadi inkişaf strategiyalarının müəyyənləşdirilməsi və cəmiyyətin rifahının qiymətləndirilməsi üçün statistika zəruri elmi bazadır. Etibarlı və şəffaf statistika dövlətin idarəetmə mədəniyyətinin səviyyəsini göstərir.
Statistika müxtəlif sahələrdə tətbiq olunur. Səhiyyədə klinik sınaqlar və epidemioloji modellər xəstəliklərin yayılma dinamikasını izləməyə kömək edir. İqtisadiyyatda makro və mikro səviyyədə göstəricilərin proqnozlaşdırılması üçün statistik metodlardan istifadə olunur. Ekologiyada iqlim dəyişikliyi ilə bağlı məlumatların analizi qlobal risklərin qiymətləndirilməsinə imkan yaradır. Təhsil sahəsində isə qiymətləndirmə sistemlərinin təkmilləşdirilməsi statistik yanaşmalarla həyata keçirilir. Azərbaycan elmi mühitində statistikaya maraq böyükdür. Dövlət Statistika Komitəsi ölkənin sosial-iqtisadi inkişafını əks etdirən məcmuələr dərc edir. Akademik mühitdə Y. Əliyev, C. Mikayılov, F. Əliyev və S.M. Hacıyev kimi alimlərin əsərləri statistikanın nəzəri və praktiki əsaslarını sistemləşdirərək tələbələr və tədqiqatçılar üçün baza yaratmışdır. Statistika faktların arxasındakı qanunauyğunluqları aşkarlayan elmdir. Onun gücü həm nəzəri modellərdə, həm də praktiki tətbiqlərdə özünü göstərir. Sürətlə inkişaf edən dünyada statistikanın maarifləndirici rolu getdikcə artır və bu sahədə Azərbaycan alimlərinin də mühüm töhfələri vardır. Dövlət Statistika Komitəsi və onun yerli qurumları tərəfindən son illər ərzində mühüm tədbirlər həyata keçirilmişdir. Bura 2019-cu ildə əhalinin siyahıyaalınması, 2025-ci ildə kənd təsərrüfatı siyahıyaalınması, eləcə də iqtisadi fəaliyyət reyestrlərinin yaradılması daxildir. Bu tədbirlər nəticəsində ölkədə statistik məlumatların keyfiyyəti və əlçatanlığı əhəmiyyətli dərəcədə artmışdır. Gələcəkdə əsas məqsəd statistikanın rəqəmsallaşmasının dərinləşdirilməsi, böyük məlumat (Big Data) mənbələrinin analitik təhlilə cəlb edilməsi və süni intellekt texnologiyalarının tətbiqi ilə məlumat emalının səmərəliliyinin artırılmasıdır. Statistik idarəetmədə innovativ yanaşmaların tətbiqi Azərbaycanı beynəlxalq statistika məkanında daha da güclü mövqeyə gətirəcəkdir. Ümumdünya Statistika Günü yalnız statistiklər üçün deyil, həm də bütün cəmiyyət üçün vacib bir gündür. Bu gün bizə xatırladır ki, keyfiyyətli statistika düzgün qərarların, şəffaf idarəetmənin və dayanıqlı inkişafın əsasını təşkil edir. Statistika – keçmişi təhlil edən, bu günü dəyərləndirən və gələcəyi yönəldən elmdir.
Şəki Şəhər Statistika İdarəsinin Rəisi Qəşəm Kərimov