Şəkidə bu ərazidə qaz çəkilişi niyə yarımçıq dayandırılıb? – RƏSMİ AÇIQLAMA

Şəki şəhərinin təxminən 5 min nəfərə yaxın əhalisi olan 120 və 121-ci kvartal adlanan yaşayış massivlərində 2024-cü ilin əvvəlində qaz xətlərinin çəkilməsi işlərinə start verilib. Lakin təxminən 20 ildir qaz həsrəti ilə yaşayan sakinlərin sevinci uzun sürməyib – əsas xətlərdən sonra işlər tamamilə dayanıb. Daşıyıcı küçə xətləri çəkilmədiyi üçün sakinlər nə sayğac quraşdıra, nə də evlərinə qaz xətti çəkdirə bilirlər.

Bəs əsas xətlər çəkildiyi halda, işlərin davam etməməsinə səbəb nədir?

Mövzu ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə müraciət etdik. Qurumdan “SHEKİ.MEDİA”ya bildirildi ki, hazırda Şəki şəhərinin sözügedən ərazisində qazlaşma ilə bağlı texniki çətinlik var. Çətinliyin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu proseslər icra olunduqdan sonra daşıyıcı küçə xətləri çəkiləcək.

“Daşıyıcı küçə xətləri çəkildikdən sonra müvafiq sənədləri qaydasında olan vətəndaşlar “ASAN Xidmət” və kommunallara müraciət etməklə öz fərdi yaşayış evlərini xüsusi lisenziyası olan podratçı şirkətlər vasitəsilə öz vəsaitləri hesabına qazlaşdıra biləcəklər”.

Həmçinin o da bildirildi ki, texniki çətinlik bu mövsüm ərzində həll olunacaq.

Back to top button