Qaxda Müəllimlərin VI Şəbəkələşmə Forumu keçirilib

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, Şəki-Zaqatala Regional Təhsil İdarəsi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının tərəfdaşlığı ilə Qaxda “Müəllimlərin VI Şəbəkələşmə Forumu: Müxtəliflikdə Birlik, Təhsildə Əməkdaşlıq” mövzusunda forum keçirilib.

Bu barədə “SHEKİ.MEDİA”ya Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşı Mahal Məmmədov məlumat verib.

Bildirilib ki, forumda ölkənin müxtəlif bölgələrindən 600-dən çox məktəbəqədər, ümumi, orta ixtisas və ali təhsil müəssisələrinin müəllimləri iştirak ediblər.

Tədbirin məqsədi müəllimlər arasında peşəkar əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin təşviqi və müasir təhsil yanaşmalarının paylaşılması olub.

Açılış mərasimində rəsmi şəxslər müəllimlərin peşəkar inkişafı, regionlararası əməkdaşlıq və təhsildə innovativ yanaşmaların əhəmiyyətindən danışıblar.

Forum çərçivəsində süni intellekt, məktəb-valideyn əməkdaşlığı, uşaq hüquqları və təhlükəsizliyi, eləcə də Universal Öyrənmə Dizaynı mövzularında təqdimatlar keçirilib.

Tədbir bədii proqram və xatirə fotosu ilə başa çatıb.

Back to top button