Kiş məbədini 9 ayda 40 mindən çox turist bilet alaraq ziyarət edib

“Kiş” Tarix-Memarlıq Qoruğunu 2026-cı ilin yanvar-sentyabr aylarında ümumilikdə 40278 turist bilet alaraq ziyarət edib.

“SHEKİ.MEDİA” xəbər verir ki, onlardan 21615-i yerli, 18663-ü isə xarici turist olub. Bu, müvafiq olaraq, ziyarətçilərin 53,66 və 46,34 faizini təşkil edir. Sözügedən dövrdə daha 9066 nəfər məbədi ödənişsiz ziyarət edib.

Qoruğun bələdçisi Gülnaz Rəsulovanın sözlərinə görə, Kiş məbədi Azərbaycanın, eləcə də bütün Qafqazın qədim xristianlıq tarixində mühüm yer tutur.

Onun sözlərinə görə, rəvayətlərə və tarixi mənbələrə əsasən, İsanın həvarilərindən biri olan müqəddəs Yelisey eramızın I əsrində bu əraziyə gələrək xristianlığı yaymaq məqsədilə burada məbəd inşa etdirib. Məbədin Qafqazın ilk xristian ibadətgahlarından biri olması həm arxeoloji araşdırmalar, həm də Musa Kalankatlının “Alban tarixi” əsərindəki məlumatlarla əlaqələndirilir.

Araşdırmalar zamanı müəyyən edilib ki, xristian məbədi inşa olunmazdan əvvəl də ərazidə dini ibadətlər üçün istifadə edilən, eramızdan əvvəlki dövrə aid ay məbədinin qalıqları olub.

Qazıntılar zamanı qədim dövrə aid müxtəlif əşyalar, eləcə də burada dəfn edilmiş şəxslərin qəbirləri aşkar edilib.

O qeyd edib ki, tədqiqatlar zamanı aşkar olunan qəbirlərdən bəziləri üzəri şüşə ilə örtülərək ziyarətçilər üçün açıq saxlanılıb.Bunun səbəblərindən biri həmin qəbirlərdə dəfn olunan şəxslərin boyunun iki metr və daha artıq olmasıdır.Bələdçinin sözlərinə görə, Kiş məbədi xristianlıq dövründən sonra da yerli əhalinin diqqətindən kənarda qalmayıb.

2000-ci ildə bərpa işlərinə başlanana qədər yerli müsəlman əhali məbədi ziyarətgah kimi qoruyub saxlayıb. İnsanlar xəstə övladlarının sağalması və niyyətlərinin həyata keçməsi arzusu ilə buraya gələrək məbədin ətrafında üç dəfə dövrə vurub, divarlarına qəpik yapışdırıblar. Bu ənənəni bu gün də davam etdirən sakinlər var.

O bildirib ki, bu münasibət Azərbaycan xalqının müxtəlif dinlərə və dini abidələrə göstərdiyi hörmətin nümunəsidir.

2000-ci ildə Azərbaycan-Norveç birgə proqramı çərçivəsində Kiş layihəsinə start verilib. Üç il davam edən layihə müddətində ərazidə arxeoloji qazıntılar, bərpa və memarlıq tədqiqatları aparılıb. İşlərə Azərbaycan və Norveçdən olan mütəxəssislər cəlb edilib.

2003-cü ilin sentyabrından etibarən Kiş məbədi muzey kimi fəaliyyət göstərir.

Google-da SHEKİ.MEDİA-ya abunə ol
Abunə ol
Back to top button