
Bakı Abadlıq Xidməti tərəfindən Şəki şəhərində genişmiqyaslı abadlıq, təmir və bərpa işləri həyata keçirilir. Layihənin məqsədi şəhərin tarixi-memarlıq irsini qorumaqla müasir, rahat və estetik şəhər mühiti formalaşdırmaqdır.
Bakı Abadlıq Xidmətindən “SHEKİ.MEDİA”ya verilən məlumata görə, işlər çərçivəsində şəhərin əsas küçə və prospektlərində yolkənarı infrastruktur yenilənir, yaşayış evlərinin fasadları, hasarlar, darvazalar, qapılar və səkilər bərpa olunur. Zəruri hallarda dam örtükləri təmir edilir və ya yenilənir. Bərpa zamanı Şəkinin memarlıq ənənələrinə uyğun rəng çalarlarından və yerli tikinti materiallarından istifadə edilir.
Layihənin əsas hissəsini Calğalıbulaq küçəsinin, eləcə də M.Füzuli, M.F.Axundov və B.Vahabzadə adına parkların yenidən qurulması təşkil edir. Xüsusilə M.Füzuli parkı üçün memar İnarə xanımın müəllifi olduğu konsept layihə hazırlanıb. Layihə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Prezidentin köməkçisi Anar Ələkbərovun tövsiyələri əsasında işlənib.
Konsepsiyaya uyğun olaraq parkda tarixi mozaik pannolar, heykəltəraşlıq elementləri və digər memarlıq detallarının bərpası, həmçinin vaxtilə fəaliyyət göstərmiş açıq səhnəli “Yay teatrı”nın yenidən istifadəyə verilməsi nəzərdə tutulur. Ərazidə yaşıllaşdırma işləri aparılacaq, uşaqlar üçün oyun meydançaları, idman və istirahət zonaları yaradılacaq.
Abadlıq işləri Şəki Şəhər İcra Hakimiyyəti və aidiyyəti dövlət qurumlarının əməkdaşlığı ilə həyata keçirilir. Layihə qoruq ərazisindən kənarda icra olunsa da, şəhərin tarixi-memarlıq üslubunun qorunması və qoruqla digər hissələr arasında vizual ahəngin təmin edilməsi əsas məqsədlərdən biridir.



