
Şəkidə 59 yaşlı sakinə işə gedərkən şəhərin mərkəzində küçə itləri hücum edib. Hadisə avqustun 6-da şəhər ərazisində baş verib.
“SHEKİ.MEDİA” xəbər verir ki, küçə itləri 1967-ci il təvəllüdlü Yusif Ağammədzadənin burnunun bir hissəsini qoparıb.
Hazırda ambulator müalicə alan Yusif Ağammədzadə nəfəs almaqda çətinlik çəkdiyini bildirir. Ailəsinin sözlərinə görə, onlara qısa müddətdə əməliyyat olunmadığı təqdirdə zədələnmiş nahiyədə çürümə yarana biləcəyi deyilib. Maddi imkanları məhdud olan ailə əməliyyat xərclərini qarşılamaqda çətinlik çəkir.
Şəki Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, pasiyentə burunun uc hissəsinin və sağ burun qanadının yumşaq toxuma və qığırdaq defekti diaqnozu qoyulub. İlkin tibbi yardım göstərilib, yara ilkin cərrahi işlənib və quduzluq əleyhinə vaksinasiya aparılıb. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicəyə buraxılıb.
TƏBİB-dən isə qeyd olunub ki, total burun rekonstruksiyası, eləcə də digər rekonstruktiv və plastik burun əməliyyatları icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil deyil.



